05.07.2016

Sovetskidəki tarixi abidələr və mülkiyyət hüquqları

Emin İsayev, hüquqşunas

Bakının Sovetski adlanan, qədim adı “Bayır şəhər” olan ərazisində fərdi yaşayış evlərinin və binaların söküntüsü son iki ildə müzakirə olunan əsas mövzulardan biri olub. Bu ərazidə söküntü işləri Bakı Şəhər İcra Hakimiyyətinin 501 saylı 12 dekabr 2013-cü tarixli- “Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar Yasamal rayonu ərazisində müəyyən edilmiş ünvanlarda bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” sərəncamı ilə başlayıb.  

Həmin sərəncamda “Sovetski” ərazisində söküntü işlərinin yalnız mülkiyyətçilərin könüllü razılığı ilə aparılması müəyyən edilib. Lakin icra qurumları vətəndaşları ərazidən çıxartmaq üçün təzyiqlərdən tutmuş komunikasiya vasitələinin kəsilməsinədək müxtəlif məcburi üsullardan istifadə edirlər. Bununla belə ərazidə olan bütün  yaşayış evlərinin sökülməsi yekunlaşmayıb.

2016-cı ilin yanvarında mətubata verilən məlumata görə 2015-ci il ərzində 8759 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrində ölçü işləri aparılıb. Məlumatda qeyd olunub ki, 2698 nəfər sakinə isə artıq kompensasiya ödənilib. Ümumilikdə 2320 yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsi planlaşdırılıb ki, bunlardan 1795-i artıq sökülüb. 2320 yaşayış və qeyri-yaşayış sahəsinin 45-i tarixi binadır.

Bununla belə, bütün fərdi yaşayış evlərinin söküntüsü barədə mülkiyyətçilərlə razılıq əldə edilməməsi, həmçinin söküntüsü planlaşdırılan ərazidə çox sayda tarixi binaların mövcud olması söküntü işlərinin davam etdirilməsinə əngəl törətməyib. Belə ki, mülkiyyətçilərin könüllü şəkildə söküntü təklifi ilə razılaşmaması və konstitusion hüquqlara dayanan bu müqaviməti 11 noyabr 2015-cü ildə Nazirlər Kabinetinin həmin ərazidə yerləşən evlərin dövlət tərəfindən məcburi alınması barədə 358 saylı qərarı ilə daha da mürəkkəbləşdirilib.

Nazirlər Kabinetinin həmin qərarından aydın olur ki, “Sovetski” ərazisində dövlət gücü ilə sökülməsi planlaşdırılan ümumilikdə sayı 1093 olan vətəndaşa məxsus yaşayış və qeyri-yaşayış obyektləri mövcuddur. Məcburi alınma barədə qərar Bakı şəhərinin hələ də mövcud olmayan Baş Planına istinadən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi zərurəti ilə əsaslandırılıb.

Söküntü ərazisində yerləşən tarixi binalara gəlincə isə burada onların mövcudluğu  söküntü işləri üzrə planların dəyişməsinə və ya dayandırılmasına səbəb olmayıb.

Burada da  Nazirlər Kabinetinin 18 may 2016-cı il-cı il tarixli qərarı ilə məsələ öz “həllini tapıb”. Nazirlər Kabineti Milli Elmlər Akademiyasının binaların tarixi, Mədəniyyət və Turizm Nazirliyinin isə mədəni əhəmiyyətinin olmaması barədə rəylərinə istinad edərək 23 yerli əhəmiyyətli tarixi binaları “tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxardaraq, bu binaları söküntü planları qarşısında dövlətin xüsusi mühafizəsindən məhrum edib.

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə bölgüsü aparılıb. Həmin siyahıda bugünə olan tarixə əsasən 6308 sayda tarix və mədəniyyət abidələri müəyyən edilib.

Nazirlər Kabineti ötən 15 ildə bu siyahıdan tarix və mədəniyyət abidələrinə əlavə və dəyişikliklər etmək səlahiyyəti ilə 20-dən çox dəyişikliklər edib. Ancaq Nazirlər Kabinetinə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna 16 oktyabr 2012-cil tarixdə  edilmiş dəyişiklik ilə parlament tərəfindən təsdiqlənmiş siyahıdan abidənin çıxarılması səlahiyyəti verilib.

Həmin qanun dəyişikliyindən sonra Nazirlər Kabineti həmin siyahıdan müxtəlif tarixlərdə yerli və ölkə əhəmiyyətli tarixi abidələrin çıxarılması barədə qərarlar qəbul edib. Bunlardan sayca ən çoxu 23 iyul 2015-ci il tarixdə Nazirlər Kabinetin 269 saylı qərarıdır. Həmin qərar ilə 169 sayda yerli əhəmiyyətli tarixi abidə və 3 ədəd ölkə əhəmiyyətli tarixi abidə tarixi abidələrin siyahısından çıxarılıb. 

Bununla belə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanun müəyyən edir ki, tarixi abidələrin əhəmiyyətinə görə bölgüsü və siyahıdan çıxarılması məsələləri Azərbaycan dövlətinin ratifikasiya etdiyi beynəlxalq konvensiyaların tələblərinə uyğun qaydada aparılmalıdır. 

Azərbaycan 13 avqust 1992-ci il tarixdə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlara Dair Konvensiyasına ratifikasiya edib. Həmçinin 15 aprel 2002-ci il tarixindən "İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında" konvensiyanın iştirakçısı kimi Avropa Məhkəməsinin yurisdiksiyası altında məcburi köçürülməni və evlərin zorla dağıdılmasını qadağan edən beynəlxalq öhdəliklərə sahibdir. Eyni zamanda Azərbaycan Respublikası 26 noyabr 2009-cu il tarixində "Avropanın memarlıq irsinin qorunması haqqında" 1985-ci il oktyabrın 3-də Qranada şəhərində imzalanmış konvesiyaya qoşulub.

Avropa Məhkəməsi 22 oktyabr tarixli “Xaliqova Azərbaycana qarşı” qərarında “Sovetski” ərazisinə bitişik ərazidə dövlətin apardığı söküntü işləri prosesində mülkiyyətçilərin Avropa İnsan Hüquqları Konvensiyası ilə müdafiə altına alınan mülkiyyət və mənzil hüquqlarının dövlət tərəfindən pozulduğunu tanıyıb.