01.08.2017

Yasamaldakı köhnə binalar söküləcək

Yasamalda köhnə tikililərin söküntüsünə başlanılıb. Bu dəfə də sakinlər  veriləcək kirayə haqqlarından və ya hər kv metrə görə ayrılan məbləğdən narazıdır. Ərazidəki 112 mənzilli binanın sakini Mətləb Axundov deyir ki, söküntü işləri “Qismət-M Construction” MMC tərəfin aparılır və heç bir sakinlə söhbət edilməyib.

“Artıq binamızı hasara alıblar, amma bizim fikrimizi alan yoxdur. Biz bir neçə gün öncə yolu bağlamaqla da narazılığımızı bildirdik. Tikinti şirkətinin nümayəndələri gəlib deyir ki, gəl ofisə. Narazı sadəcə mən deyiləm”

Digər bir sakin isə həyətlərində hündürmərtəbəli binanın tikitisindən narazıdır. Onun sözlərinə görə, 14 mərtəbəli binanın tikintisi evlərə düşən günəş işığının qarşısını alacaq və uşaqların oynaması üçün həyət olmayacaq.

Rayonun icra hakimiyyətinin nümayəndələri isə sakinlərə bildirib ki, pilot layihə adı altında ikimərtəbəli köhnə tikililər söküləcək, əvəzində hündürmərtəbəli bina tikiləcək.

Söhbət Zahid Xəlilov və  Əhməd Cəmil küçələrindəki ikimərtəbəli fin layihəli binalardan gedir. Yeni binanın 18 ay müddətinə hazır olacağı bildirilsə də,  sakinlər artıq məhkəməyə müraciət edib.