05.04.2017

Artırmaları sökülən evlər qəzalı vəziyyətdə

“Artırmaları söküblər, divarlarımız yarıq-yarıq olub. Bir aydan çoxdur ki, bu durum davam edir. Köhnə evin bir hissəsini sökərsən, o ev nə günə qalar? Bu gecə divardan iri daş parçası qopub düşüb, qaçmışıq küçəyə, sabah bütün divarın üstümüzə uçacağına zəmanət yoxdur”.

Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 26-da bir ay öncə başlanan söküntü burada yaşayan sakinləri təkrar dilə gətirib. Sakinlər AzadlıqRadiosu-na danışırlar ki, artırmaların sökülməsi evləri çökmək təhlükəsi ilə üz-üzə qoyub. Sakin Mənzər Hacıyevanın evinin divarından daşlar qopub yerə tökülür. O, evdə yaşamağın təhlükəli olduğunu deyir:

“Artırmaları sökmək üçün ağır texnikalar gətirib tökmüşdülər. Texnikalar işlədikcə köhnə evlər silkələndi, silkələndi, bu da nəticəsi

Sakinlərin bir qismi evlərini tərk edib. Ancaq onlar eləcə evlərini qoyub getməklə kifayətlənmək fikrində deyillər. Başqa yerə köçürülmələrini, yaxud da kompensasiya ödənilməsini tələb edirlər.

 “ARTIRMALARI ÖZBAŞINA ETMƏMİŞİK

Sakin Məzahir Tahirov hesab edir ki, artırmalara görə də kompensasiya ödənilməlidir. Çünki çoxu sənədli-sübutlu olub. Ancaq sökməyə gələnlər sənədlərə məhəl qoymayıblar:

“Evlərin qarşısındakı artırmaları özbaşına etməmişdik. Başçının sərəncamı ilə artırılıb. Deyirlər, artırmalara görə vaxtilə keçmiş başçının verdiyi sərəncamlar ləğv olunub. Bunu özbaşına necə etmək olar? Birbaşa mülkiyyətimizdə olan əmlaklarımıza qanunsuz müdaxilə olunub.

Nəsimi rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sökülən artırmalar özbaşına tikililər olub: “O artırmalar çoxdanın məsələsidir, əvvəlki başçıların vaxtında qanunsuz icazə verilib. Ona görə də artırmalara görə sakinlərə kompensasiya ödənilməsi üçün Nazirlər Kabinetinin qərarı yoxdur. Söküntüdən sonra mənzillərə baxış keçirilib, qəzalı vəziyyət qeydə alınmayıb”.

 SƏRƏNCAM ANCAQ MƏHKƏMƏ QƏTNAMƏSİ İLƏ LƏĞV OLUNA BİLƏR

Hüquqşünas Namizəd Səfərov deyir, əgər artırmalara görə sərəncam olubsa, bu sərəncam yalnız məhkəmə qaydasında ləğv oluna bilər:

“Dövlətin adından verilən sərəncam yalnız dövlətin adından çıxan məhkəmə qətnaməsi ilə ləğv oluna bilər. Əgər məhkəmə qərar versə ki, artırmalar dövlət ehtiyacına görə sökülməlidir, mülkiyyətçiyə kompensasiya ödənilməklə sökülə bilər. Başqa heç bir halda vətəndaşa məxsus əmlaka müdaxilə etmək olmaz. Söküntü zamanı əmlaka dəyən zərər də ödənilməlidir. Bunun üçün vətəndaşlar məhkəməyə müraciət etməlidilər”, – hüquqşünas bildirib.

Kövkəb Səfərəliyeva küçəsinin sakinləri tələbləri yerinə yetirilmədiyi halda aksiyalara başlayacaqlarını deyirlər.